GÜRCÜ-OSETİN MÜNAQİŞƏSİ BÖLGƏSİNDƏ VƏZİYYƏT GƏRGİNLƏŞMİŞDİR
Baş nazir Zurab Noğaideli gərginliyin aradan qaldırılması və sülh prosesinin sürətləndirilməsi məqsədi ilə əsas vəzifələrin müəyyən edildiyini bildirmişdir. O demişdir: “Didi Liaxvi dərəsindən gürcü hərbi polisi yardımçı bölüklərinin çıxarılması, Didi Liaxvi sakinlərindən ibarət 11 nəfərlik kontingentin gürcü sülhməramlı batalyonunun tərkibinə daxil edilməsi əsas vəzifələrdəndir. Qori rayonundakı polisin yardımçı bölüyü də sülhməramlıların tərkibinə daxil ediləcəkdir. Yazdan etibarən gürcü sülhməramlı qüvvələrinin rotasiyasının üç aydan bir keçirilməsi və batalyonun tərkibinin 300 nəfərə çatdırılması qərara alınmışdır. Gürcü tərəfin nəzarət edəcəyi ərazilərdəki bütün səngərlər doldurulacaqdır”.
Baş nazir bu addımın hökmən müsbət nəticələnəcəyinə əmin olduğunu bildirərək, qeyd etmişdir ki, gürcü və osetin tərəflərinin bir-biri ilə vasitəsiz danışıqlar aparması məsləhətdir. Gürcüstan tərəfinin məlumatına görə, Rusiya sülhməramlıları osetinlərlə birlikdə gürcü sülhməramlılarının planlaşdırılmış rotasiyasına imkan vermədiyi üçün Liaxvi dərəsindəki həm gürcü, həm də osetin kəndləri blokadaya alınmış, Sxınvaliyə gedən mərkəzi yol bağlanmışdır.
Gürcüstan sülhməramlılarının komandanı Paata Bedianaşvili rus tərəfinin rotasiyaya imkan yaratmayınca, yolların blokadasının ləğv olunmayacağını bildirmişdir.
Münaqişə bölgəsində vəziyyətin gərginləşməsinə görə qarşılıqlı ittihamlar davam edir, ekspertlər isə bu məsələdə çox ehtiyatlı olmağı məsləhət görürlər.