Gürcü politoloq: Azərbaycan postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi üçün çoxsaylı addımlar atıb
Tbilisi, 22 noyabr, AZƏRTAC
Ermənistandakı siyasi gərginlik, iqtisadi böhran təkcə bu dövlətin daxilində deyil, bütövlükdə region üçün ciddi problemlər yaradır, bölgədə sabitliyin pozulmasına səbəb olur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın Terrorizm və Siyasi Zorakılığın Araşdırılması üzrə Mərkəzin direktoru, tanınmış politoloq Badri Natçkebiya söyləyib.
O qeyd edib ki, Azərbaycanla müharibədə sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğrayan bir ölkə indi sabitlik üçün çalışmalıdır. Ermənistandakı siyasi qruplar və destruktiv qüvvələr isə vəziyyəti daha da gərginləşdirir, sabitliyin pozulmasına zəmin yaradırlar.
Son günlər Rusiya, Fransa, ABŞ və digər dövlətlərdəki erməni lobbisi terror qruplarını maliyyələşdirməkdə davam edirlər. Bu da təbii ki, Azərbaycanla sərhəddə destruktiv fəaliyyətə və terrorun daha da artmasına zəmin yaradır.
Politoloq bildirib ki, bunun qarşısı alınmasa, daha böyük faciələr baş verə bilər. Ermənistanın destruktiv fəaliyyətinin qarşısını isə təkcə Azərbaycan deyil, dünyanın hegemon dövlətləri, beynəlxalq təşkilatlar birgə almalıdırlar.
B.Natçkebiya deyib: “Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan postmünaqişə dövründə sülhün möhkəmləndirilməsi üçün çoxsaylı addımlar atıb. Zəngəzur dəhlizi ilə bağlı təklif olduqca yaxşıdır. Bu layihənin reallaşdırılması üçün Ermənistan dövləti səylərini artırmalı, Azərbaycanla mövqelərin yaxınlaşdırmalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycanın təklif etdiyi layihələr elə bu ölkənin inkişafı üçün də geniş imkanlar yaradacaq”.
Politoloq, həmçinin vurğulayıb: “Lakin təəssüflər olsun ki, bu layihənin əleyhdarları var və onlar regionda sülh quruculuğu prosesinə əngəllər yaratmaq istəyirlər”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi