GÜRCÜSTAN-AZƏRBAYCAN DOSTLUĞU SARSILMAZDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimi salamlayaraq nazir Vilayət Quliyev bu səfərin ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi və əlaqələrin genişlənməsi üçün faydalı olacağına inamını ifadə etmişdir.
Tedo Caparidze ölkəsinin Azərbaycanla ənənəvi dostluq və əməkdaşlıq münasibətlərini bundan sonra da davam etdirəcəyini bildirmiş, birgə iqtisadi layihələrin həyata keçirilməsində, ikitərəfli və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində Gürcüstanın yeni rəhbərliyinin ardıcıl və səmərəli mövqe tutacağını vurğulamışdır.
Nazir Vilayət Quliyev Azərbaycanın gürcü xalqının istəyinə və iradəsinə həssaslıqla yanaşdığını qeyd etmiş və qonşu ölkədə keçirilmiş prezident seçkilərinin Gürcüstanın gələcək inkişafına müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirmişdir.
Görüş zamanı qonşu ölkədə baş vermiş son hadisələr ətrafında geniş fikir mübadiləsi aparılmış və Gürcüstanda yaşayan azərbaycanlı əhalinin vəziyyəti ilə bağlı məsələlər də müzakirə olunmuşdur.