Gürcüstan Müsəlmanları İdarəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Tbilisi, 24 fevral, AZƏRTAC
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anım tədbiri keçirib. Tədbirin keçirildiyi salonda Xocalı faciəsini əks etdirən fotosərgi açılıb.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub.
GMİ-nin sədri hacı Ramin İgidov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, fevralın 26-da Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində olan bütün məscid və mədrəsələrdə dini ayinlər icra olunacaq, şəhidlərimizin ruhuna dualar oxunacaq.
GMİ-nin müftisi hacı Yasin Əliyev və başqaları çıxış edərək həmin gün Xocalıda yüzlərlə insanın xüsusi qəddarlıqla qətlə yetirilməsini, uşaqlara, qocalara və qadınlara amansızlıqla işgəncələr verilməsini lənətləyib, bütün bunların əsl soyqırımı olduğunu vurğulayıblar.
Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov Xocalı faciəsinin başvermə səbəblərindən danışıb. Bildirib ki, erməni millətçiləri zaman-zaman azərbaycanlılara qarşı qatı cinayətlər və soyqırımı törədiblər. Dünyada hökm sürən ikili standartlar, cinayətkarların layiq olduqları cəzaları almaması onları daha böyük cinayətlərə sövq edir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu faciəyə hüquqi, siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atıb, vacib qərarlar qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev də bu siyasəti davam etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində artıq dünyanın 10-dan artıq ölkəsi, ABŞ-ın 20 ştatı Xocalı faciəsinin əsl soyqırımı olduğunu etiraf edib və müvafiq qətnamələr qəbul ediblər. İnanırıq ki, bu faciəni törədənlər tezliklə layiqli cəzalarını alacaqlar.
Sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin, eləcə də digər dini icmaların təmsilçiləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi