GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Xarici işlər naziri Tedo Caparidze, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze yanvarın 18-də Fəxri xiyabana gələrək, Prezident Heydər Əliyevin məzarını ziyarət etmişdir.
Məlum olduğu kimi, Heydər Əliyevin Gürcüstan dövləti xə xalqı qarşısında xidmətləri misilsizdir. Xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafında Prezident Heydər Əliyevin müstəsna xidmətləri var. Gürcü siyasətçilərinin yekdil rəyincə, o, təkcə Azərbaycanda deyil, həm də MDB məkanında və bütün dünyada böyük nüfuz sahibi idi. Heydər Əliyev Qafqaz respublikaları arasında əlaqələrin inkişafında da çox böyük rol oynamışdır. İndiki və gələcək nəsillər onun xidmətlərini heç zaman unutmayacaq, fəaliyyətinin bəhrələrini görəcəklər. Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inkişaf edəcək, hər iki xalqın indiki və gələcək nəsilləri bünövrəsi görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmlətməyə çalışacaqlar.
Dost ölkənin nümayəndə heyətinin üzvləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə Gürcüstan rəhbərliyi adından əklil və gül-çiçək qoydular, onun nurlu xatirəsinə dərin ehtiramlarını bildirdilər.