GÜRCÜSTAN PREZİDENTİ MİXEİL SAAKAŞVİLİNİN NİTQİ
- Mən sizi çox qonaqpərvər bir torpaqda, türk torpağında salamlayıram!
Dost, qonşu və sizi sevən gürcü xalqı adından salamlayıram!
Bu, təkcə dəmir yolu deyil, gələcək nəsillərə ərməğan etdiyimiz layihədir. Bu layihə bir neçə il bundan əvvəl Prezident Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla həyata keçirməyə başladığımız layihələrin davamıdır. Biz bu layihələrə ona görə başladıq ki, vətəndaşlarımız üçün sərhədləri keçmək asanlaşsın. Mən xatırlayıram, Batumiyə getdik, Baş nazir Ərdoğanla birgə qərar qəbul etdik ki, bizim vətəndaşlarımız sərhədi keçəndə vizaya ehtiyac olmasın. Belə qərara gəldik ki, yeni sərhəd məntəqələri açılsın, Sarp sərhəd-keçid məntəqəsi genişlənsin. Bir neçə sərhəd məntəqəsi açılacaq, onlardan biri Qardaxidir. Yollar da çəkirik - İstanbuldan Batumiyə və Batumidən Tbilisiyə. Bu yollar dəmir yolu ilə paralel işləyəcəkdir. Mən buradaca demək istəyirəm ki, Azərbaycan Bakıdan Gürcüstan sərhədinə qədər yolu yenidən qurur və bu yol Gürcüstan vasitəsilə Türkiyəyə uzanacaqdır.
Biz birlikdə qərara gəldik ki, Batumidə aeroport tikək və bunu etdik. Bu, dünyada Cenevrədən sonra ikinci aeroportdur ki, iki ölkəyə xidmət edir. Hər gün İstanbula uçuşlar keçirilir. Buradan Ankaraya və Türkiyənin başqa şəhərlərinə də uçuşlar planlaşdırılır. Bu aeroport Türkiyə və Gürcüstan arasında olan dostluğun daha bir nümunəsidir. Biz qərara aldıq ki, dəmir yolu tikək. Bu işdə çox geosiyasi çətinliklər var idi. Lakin biz öz iradəmizlə bunun öhdəsindən gəldik və birlikdə bu layihəni reallaşdırdıq. Bu, Gürcüstan ərazisində 175 kilometrlik dəmir yolunun tikintisi və yenidən qurulması deməkdir.
Bizim Azərbaycanla çox yaxın dostluq münasibətlərimiz var. Azərbaycan bizim müstəqilliyimizin və uğurlu inkişafımızın əsas təminatçısıdır, Azərbaycan Gürcüstanın yaxını, əzizi və xoşməramlı qonşusudur və Azərbaycan xalqı gürcü xalqına dost xalqdır. Azərbaycanın inkişafı, uğurları və varlanması bilavasitə Gürcüstana da təsir edir. Azərbaycanın qələbəsi Gürcüstanın da qələbəsidir. Biz də əlimizdən gələni edəcəyik ki, Gürcüstanın nailiyyətləri Azərbaycana da xeyir gətirsin. Biz unutmamalıyıq ki, 2005-ci ilin yanvar ayında Gürcüstana təbii qaz verilməsi dayandırılmışdı. Bu, çox müəmmalı bir şəraitdə baş vermişdi. O zaman Azərbaycan böyük bir xeyirxah addım atdı, öz əhalisinin ehtiyaclarını tam ödəmədiyi halda, qaz ehtiyatının yarısını Gürcüstana ötürdü və Gürcüstan sakinlərini qışda donmaqdan xilas etdi. Bu xeyirxahlıq bizim insanların yaddaşından heç vaxt silinməyəcəkdir.
Biz Heydər Əliyevin başladığı işləri də unutmamalıyıq. Bunlardan biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Onun reallaşacağına heç kim inanmırdı. Heç kim inanmırdı ki, layihə uğurla başa çatdırılacaqdır. Heydər Əliyev elə liderlərdən idi ki, təkcə bu günü və sabahı yox, yüz il, iki yüz il bundan sonranı görürdü. Onun gördüyü işlərin hamısı gələcək nəsillərə əmanətdir.
Bizim ölkələr Avropa və Asiya arasında körpüdür. Dünyanın bir çox nöqtəsindən Çinə və Orta Asiyaya ən qısa yol bizim ölkələrdən keçir. Bu dəmir yolu da Avropaya ən qısa yol olacaq, regional infrastrukturlarımızın mükəmməlliyini tamamlayacaqdır. Biz bu istiqamətdə çox işlər görəcəyik. Biz Potidə sənaye zonası yaratmışıq və Batumidə də yaradırıq. Bu baxımdan biz Azərbaycan və Türkiyənin sərmayələrini dəstəkləyirik. Biz Azərbaycanla birlikdə yüz il ərzində ilk dəfə Kulevi terminalını tikdik. Bu, dənizdə qoşa qaladır, Türkiyə limanlarına rəqib deyildir. Biz bir-birimizin bu sahədə çatışmazlıqlarımızı tamamlayırıq.
Mən özümü xoşbəxt sayıram ki, belə bir tarixi prosesin iştirakçısıyam. Bizim ölkələr böyük nailiyyətlər əldə edib, inkişaf edəcəklər, biz bunun şahidi olacağıq. Neft və qaz kəmərləri, dəmir yolu insanların daha da yaxınlaşmasına kömək edəcəkdir. Yaxın zamanda bu dəmir yolu xətti bizim insanları bir-birinə daha da yaxınlaşdıracaqdır. Beynəlxalq səviyyədə Asiya ilə Avropanı yaxınlaşdıracaqdır. Bu layihəyə uğurlar arzulayırıq. Bu layihəyə tərəfdar olan Gürcüstan həmin işə axıra qədər sadiq qalacaqdır.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.