RƏSMİ XRONİKA
GÜRCÜSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MİXAİL SAAKAŞVİLİYƏ
Hörmətli Mixail Nikolayeviç,
Gürcüstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan və Gürcüstanı tarixən möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək telləri bağlayır. Bu gözəl ənənələr hazırda bizim dövlətlərarası münasibətlərimizin, strateji tərəfdaşlığımızın möhkəm əsasını təşkil edir.
Əminəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsinə dair birgə səylərimiz bundan sonra da xalqlarımızın tərəqqisinə, regionda sülhün, sabitliyin və yüksəlişin təmin olunmasına kömək edəcəkdir.
Hörmətli Mixail Nikolayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Gürcüstan xalqının rifahı naminə dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 yanvar 2008-ci il.