Gürcüstan qəzetində Xocalı soyqırımına həsr edilmiş məqalə dərc olunub
Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstanın rəsmi “Sakarvelo Respublika” qəzetində Xocalı soyqırımına həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımı -XX əsrin faciəsi” adlı məqalədə Xocalıda valideynlərini itirmiş uşaqların xatirəsi, eləcə də faciə ilə bağlı ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fikirləri əksini tapıb.
Xocalıda valideynlərini itirmiş Ramil Məmmədovun bacısı ilə birlikdə keçdiyi əzablı yollar, rəssam Rafiq Əziz tərəfindən Türkiyəyə aparılmış 10 uşağın taleyi, onların böyüməsində və təhsil almalarında qardaş ölkənin “İstək” Vəqfinin rəhbəri Bədrəddin Dalanın rolu barədə ətraflı məlumat verilir.
Diaspor TV əməkdaşlarının apardığı araşdırmalar zamanı Xocalı faciəsinin insanlığa qarşı törədilmiş cinayət olması barədə həqiqətlər oxucuların diqqətinə çatdırılır.
Xocalının balaca şahidi Ramil Məmmədovun müsahibəsində faciənin bir çox qaranlıq məqamlarına aydınlıq gətirilir.
Yazıda bu cür faciələrin bir daha təkrarlanmaması üçün təkcə bütün bəşəriyyətin birliyinin, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi üçün birgə mübarizənin vacibliyi qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi