SİYASƏT
Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir
Tbilisi, 2 oktyabr, AZƏRTAC
Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri mülki insanları və obyektləri top atəşinə məruz qoyaraq, Azərbaycana qarşı növbəti təcavüz aktını həyata keçirdi. Nəticədə 1 oktyabr axşamına olan vəziyyətə görə, 19 dinc sakin həlak oldu və 55 nəfər yaralandı.
Azərbaycan Silahlı Qüvvələri işğalçıların hərbi gücünü və infrastrukturunu məhv etmək, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək üçün əks-hücum əməliyyatı həyata keçirir. Azərbaycan xalqı vətənlərini işğalçılardan qurtarmaq üçün Vətən müharibəsi aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin Ermənistanın səfiri Ruben Sadoyana cavabında əksini tapıb.
Azərbaycan səfiri bildirib ki, Ermənistan Respublikası işğal olunmuş Azərbaycan torpaqlarında döyüş meydanlarında məğlubiyyətə uğrayaraq, regional gərginliyi daha da artırmağa, törətdiyi avantüraya böyük xarici dövlətləri cəlb etməyə çalışır. Təəssüf ki, müxtəlif radikal erməni strukturlarının fəallaşması Gürcüstanda da qeydə alınır.
Onlar Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün "könüllülər"in qeydiyyatı üzrə aksiyalar təşkil edir, xüsusən də Gürcüstan vətəndaşlarını Gürcüstanın strateji müttəfiqi olan Azərbaycana qarşı təcavüz həyata keçirən kombatantlara, qanunsuz silahlı birləşmələrin üzvlərinə çevirməyə çalışırlar.
Oktyabrın 1-də Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın çağırışı ilə bu ölkənin Tbilisidəki səfirliyi qarşısında erməni icması nümayəndələrinin aksiyası təşkil edildi. İştirakçıların qarşısına çıxan sözdə “diplomat” Azərbaycanın işğal olunmuş əraziləri adının erməni versiyasının şüar olaraq səsləndirməsi və erməni işğalçı ordusuna tərif yaxmasından savayı, bir məntiqlı dəlil gətirməyə acız qaldı.
Cavab məktubunda deyilir: “Təcavüzü bayraq edən və 1992-ci ildə soyqırımı törətməklə, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirənləri tərənnüm etmək beynəlxalq hüquq baxımından cinayətdir. Bunu təcavüz və işğaldan əziyyət çəkən Gürcüstanda etmək isə, əxlaq və insanı baxımdan da ikiqat cinayətdir”.
Səfir bununla bağlı, Gürcüstanın dövlət qurumlarını və ictimaiyyətini qərargahı Ermənistan səfirliyi olan bu cür təxribatları qətiyyətlə pisləməyə çağırıb.
“Gürcüstanda təcavüzü dəstəkləmək və sabitliyi pozmaq əvəzinə, Sadoyan üçün - əgər xəritəyə baxıb onun təriflədiyi bədnam döyüşçülərin Azərbaycanın Qarabağ torpaqlarında işğalçı olduğunu dərk edə bilmirsə - susmaq daha yaxşı olardı”, - deyə səfir F.Quliyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi