Gürcüstanda parlament seçkiləri üçün bülletenlər çap olunub
Tbilisi, 30 oktyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçiriləcək parlament seçkiləri üçün 7 milyon 102 min 600 bülleten çap etdirib.
Bu bülletenlərin 3 milyon 160 min 900-ü proporsional seçki sistemi, 3 milyon 097 min 800 ədədi isə majoritar seçki sistemi üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
Bir neçə gün davam edən çap prosesi MSK üzvləri ilə yanaşı, müşahidəçilərin də nəzarəti altında həyata keçirilib. Bülletenlər Gürcüstanda yaşayan milli azlıqların dillərində də hazırlanıb. MSK-nın sifarişi ilə 213 seçki məntəqəsi üçün bülletenlər gürcü-Azərbaycan, 135 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunub.
Səsvermə ölkə üzrə 3725 seçki məntəqəsində keçiriləcək.
Qeyd edək ki, oktyabrın 31-də Gürcüstan parlamentinə, sakrebulo, fövqəladə bələdiyyə başçıları (qubernatorlar) və Acarıstan Muxtar Respublikasının Ali Şurasına keçiriləcək əlavə seçkilər üçün bülletenlər çap olunub.
MSK, eyni zamanda, sakrebulonun əlavə seçkiləri üçün 40 min 100, fövqəladə bələdiyyə başçıları seçkiləri üçün 219 min 800 və Acarıstan Ali Şurasına seçkilər üçün 584 min 000 bülleten çap olunub.
Seçicilərə səsvermə günü Gürcüstan parlament seçkilərində həm majoritar, həm də proporsional namizəd üçün iki bülleten veriləcək.
Sakrebuloda əlavə seçkilərin keçirildiyi yerlərdə - Tbilisi, Telavi, Tetritskaro və Oni bələdiyyələrindəki 39 seçki məntəqəsində seçicilər 3 bülleten alacaqlar.
Kaspi, Oni, Xaragauli, Terjola və Kutaisi bələdiyyələrində, ümumilikdə, 255 seçki məntəqəsində seçicilər Gürcüstan parlamentinə seçki bülleteni ilə birlikdə bələdiyyə başçısının seçki bülleteni də alacaqlar.
Qeyd edək ki, Oni bələdiyyəsinin yalnız bir seçki məntəqəsində, Gürcüstan parlament seçkiləri ilə yanaşı, sakrebulonun əlavə seçkiləri və fövqəladə bələdiyyə seçkiləri keçirildiyi üçün seçicilər 4 bülleten alacaqlar.
Acarıstan MR Ali Şurasına keçiriləcək seçkilər üçün seçicilər 4 bülleten alacaq - ikisi Gürcüstan parlamentinə, ikisi isə Acarıstan Ali Şurasına seçkiləri üçün.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi