Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün yay düşərgəsi təşkil olunub
Tbilisi, 27 avqust, AZƏRTAC
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM) təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün “Regional Gənclər Şəbəkəsi - Borjomi 2023” adlı layihə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində gənclər üçün avqustun 24-dən 26-dək yay düşərgəsi təşkil olunub.
Borjomi şəhərində üç gün davam edən layihədə Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və paytaxt Tbilisidən 54 nəfər gənc, QHT və media rəhbərləri, ictimai fəallar iştirak ediblər.
Layihə iştirakçıları əvvəlcə Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, büstün önünə əklil qoyublar.
Düşərgənin ilk günündə iştirakçılara layihə haqda məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub.
“Heydər Əliyev İli” çərçivəsində bir sıra tədbirlər, o cümlədən gənclər üçün yay düşərgələri təşkil olunur. GAİM Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda yaşayan azərbaycanlı gənclər üçün belə bir düşərgə təşkil edib.
GAİM-in təqdimatı keçirilib, layihəyə qoşulmuş digər təşkilatlar öz mərkəzləri haqda iştirakçılara məlumat veriblər.
GAİM-in icraçı direktoru Murad Muradov gənclərə “Sosial medianın önəmi və ondan səmərəli istifadə” mövzusunda təlim keçib.
Diasporla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov layihə iştirakçıları ilə görüşüb, Komitənin xaricdə yaşayan azərbaycanlılarla bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib.
Bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev - 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” təşkil olunub.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gəncləri bu yay düşərgəsində iştirak ediblər.
Şöbə müdiri, həmçinin cari il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında səsləndirdiyi fikirləri gənclərin diqqətinə çatdırıb.
Düşərgə çərçivəsində “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin rəhbəri Rezo Həsənov “İnteqrasiya və Milli Mənsubiyyətimiz”, tanınmış jurnalist Ələddin Qarabağlı “Elmi dünyagörüşün inkişafında dünyəvi elmlərin rolu və müasir texnoloji proqresin əhəmiyyəti”, hüquqşünas Əli Bədirov “Ailə zorakılığı və erkən evliliklə bağlı qanunlar”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva “Milli-mənəvi dəyərlər və Nəriman Nərimanov”, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Sevdagül Əliyeva “Azərbaycanın Musiqi Mədəniyyəti” və ictimai fəal Rəşan Ziyadəliyev “Vətəndaş” mövzularında iştirakçılara təlim və seminarlar keçiriblər.
Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi