Gürcüstanın hakim partiyasının Tbilisi şəhər meri vəzifəsinə namizədi azərbaycanlılarla görüşüb
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Tbilisi şəhər meri vəzifəsinə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından namizəd, sabiq energetika naziri Kaxa Kaladze oktyabrın 7-də Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb.
AZƏRTAC xəbər verir ki, Kaxa Kaladze görüşün təşkilinə görə Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasına təşəkkür edib. O, azərbaycanlıların Gürcüstanın inkişafında, Avropaya inteqrasiyasında, ölkədəki ictimai-siyasi proseslərdəki iştirakını xüsusi vurğulayıb. Hamını oktyabrın 21-də keçiriləcək seçkilərdə fəal iştiraka çağırıb.
Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev çıxışında deyib ki, Gürcüstan həm də bu ölkədə yaşayan azərbaycanlıların Vətənidir. Onlar ölkədə gedən ictimai-siyasi proseslərdən kənarda qalmırlar və bu seçkilərdə də fəal iştirak edəcəklər.
Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Bolnisi sakrebulunun deputatı Leyla Əliyeva, ağsaqqallardan Elvar Bədirov və başqaları çıxış edərək Gürcüstanda yaşayan azərbaycanlıların qayğılarından, həlli vacib məsələlərdən danışıblar.
Görüşdə paytaxt Tbilisi ilə yanaşı, Rustavi şəhərindən, Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarından gəlmiş azərbaycanlılar da iştirak ediblər.
K.Kaladze jurnalistlərə müsahibəsində deyib: “Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında, iqtisadi inkişafında mühüm rol oynayırlar. Seçkilərdə də onların fəallığına xüsusi ehtiyac var. Görüşümüzün əsas məqsədi onların qayğıları ilə maraqlanmaq, eyni zamanda, məsləhətlərini, fikir və arzularını dinləmək idi. Düşünürəm ki, bu görüş hamı üçün faydalı olacaq”.
Ağsaqqallar Şurasının sədri İsaq Növruzov bildirib ki, oktyabrın 21-də keçiriləcək seçkilərdə azərbaycanlıların iştirakı çox vacibdir: “Biz bu görüşdə bir sıra həlli vacib məsələlərə toxunduq və düşünürük ki, Gürcüstanın inkişafı naminə çox iş görəcəyik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi