Gürcüstanın qəzetində azərbaycanlı rəssam haqqında məqalə dərc olunub
Tbilisi, 23 aprel, AZƏRTAC
Gürcüstanın “Sakartvelos Respublika” qəzetində azərbaycanlı rəssam və dizayner, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dizaynerlər İttifaqının üzvü, Azərbaycan Dövlət İncəsənət Akademiyasının baş müəllimi Azər Əliyev haqqında məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə rəssamın həyat və yaradıcılığından söz açılır, əsərlərinin dünya rəssamlıq məktəbindəki yeri və rolu qeyd edilir.
Bildirilir ki, Azərbaycanda və dünyanın bir çox ölkələrində məşhur fırça ustalarından dərs almış Azər Əliyev 1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. 1993-cü ildən başlayaraq beynəlxalq, ümumittifaq və respublika sərgilərində iştirak edib.
Onun əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və digər ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş olunub.
Rəssam 2018-ci ildə məşhur Luvr muzeyində təşkil olunan “Art Shopping” beynəlxalq sərgisində, Kann sərgisində, eləcə də Milanda təşkil olunan sənət sərgilərində Azərbaycanı təmsil edib.
Onun interyer dizayn üzrə 300-dən çox layihəsi var. Rəssam qrafik dizayn sahəsində bir çox tanınmış şirkətlərin korporativ dizaynını hazırlayıb, 2017-ci ildə geyim dizaynı sahəsində yazdığı “Geyim mədəniyyətinə milli və tarixi ənənələrin təsiri”, 2018-ci ildə “Türk xalqlarının geyimləri” dərsliklərinin və “Türk xalqlarının geyim lüğəti” kitabının müəllifidir.
Məqalənin müəllifi tanınmış yazıçı-jurnalist Elmira Hacıyevadır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi