Gürcüstanlı professor: Azərbaycanda tibb təhsilinin səviyyəsi davamlı olaraq yüksəlir
Bakı, 19 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC
Azərbaycanda səhiyyə sahəsində əldə olunan böyük tərəqqini müşahidə edirəm. Ölkənizdə yeni texnologiyalar uğurla tətbiq olunur, tibb təhsilinin səviyyəsi isə davamlı olaraq yüksəlir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Gürcüstanın Onkourologiya Cəmiyyətinin prezidenti, Ümumdünya Onkourologiya Federasiyasının İcraiyyə Şurasının üzvü, professor Guram Karazanaşvili deyib.
“Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da robotik cərrahiyyə tətbiq olunacaq. Çünki buradakı tibbi heyət və mövcud infrastruktur buna tam hazırdır. Hesab edirəm ki, robotik cərrahiyyə sahəsində azərbaycanlı həmkarlarımızla əməkdaşlığımızı daha da genişləndirəcəyik. Qeyd edim ki, biz artıq kifayət qədər intensiv əməkdaşlıq edirik. Gürcüstan və Azərbaycanda mütəmadi olaraq görüşlər təşkil edir, bir-birimizi qarşılıqlı şəkildə təcrübə mübadiləsi üçün dəvət edirik. Aramızda güclü elmi və dostluq əlaqələri mövcuddur. Mən tam əminəm ki, bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək”,-deyə professor vurğulayıb.