GÜZƏŞTLİ XƏSTƏLƏRƏ TİBBİ XİDMƏT MƏSƏLƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Sumqayıt icra hakimiyyətinin, şəhərdəki müxtəlif ictimai təşkilatların nümayəndələri, habelə tibb müəssisələrinin başçıları əlillərə və güzəştli xəstələrə tibbi yardımın vəziyyəti barədə mütəxəssislərin məlumatını dinləmişlər. Qeyd olunmuşdur ki, Sumqayıtda qaçqınlar və məcburi köçkünlərlə birlikdə 120 min adam güzəştli tibbi xidmət hüququna malikdir. Müxtəlif qrup və dərəcələrdən olan 5940 əlil şəhərin səhiyyə müəssisələrinin uçotundadır. Ötən il və bu ilin əvvəlindən bəri 4205 güzəştli xəstə pulsuz müayinə və ambulator şəraitində müalicə olunmuşdur. Təkcə bu il şəkərli diabeti olan xəstələrə 171 milyon manat dəyərində dava-dərman ayrılmışdır.
Şəhərin mərkəzindən uzaqda yaşayan əhali üçün Sumqayıt icra hakimiyyəti başçısının təşəbbüsü ilə ötən ilin aprelindən pulsuz tibbi xidmət göstərən səyyar məntəqələr təşkil edilmişdir. Keçirilmiş 25 tədbirdə 14 ixtisas üzrə həkimlər təxminən 19 min adama xidmət göstərmişlər.
Fikir mübadiləsinin gedişində qeyd olunmuşdur ki, əhalinin bu təbəqəsinə tibbi xidmətin səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlmiş və onlara psixoloji münasibət yaxşılaşmışdır. Bildirilmişdir ki, problemlərin çoxu güzəştli xəstələr arasında maarifçilik işinin aşağı səviyyədə aparılması və onların müvafiq qanunvericilik aktları barədə vaxtında məlumatlandırılmaması ucbatından yaranır.