Haaqada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb
Haaqa, 14 dekabr, AZƏRTAC,
Azərbaycanın Niderland Krallığındakı səfirliyi ilə Azərbaycan Diasporuna Dəstək Fondunun birgə dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində Haaqada Ulu Öndərin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Niderland Krallığındakı səfir Rəhman Mustafayev çıxış edərək, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Qeyd edib ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunubdur. Bu gün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin alternativsiz siyasi varisi İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan müsbət nəticələr xalqın sabaha olan inamını daha da artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir.
Tədbir tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarovanın klassik musiqilərdən ibarət konserti ilə davam edib.
Tədbirdə Niderlanddan olan diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa