Hacıqabul gəncləri “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarına qoşulub
Hacıqabul, 14 mart, Aydın Yavərzadə, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə Hacıqabul gəncləri üçün “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə tədbirləri Hacıqabul rayon Qarasu kənd və Hacıqabul rayon 10 saylı tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri və abituriyentləri üçün təşkil edilib. Seminarlarda iştirakçılara karyera məsləhətçiləri tərəfindən, ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib. Layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.