Hacıqabulda iki yol qəzası baş verib
Hacıqabul, 13 mart, Mahir Babayev, AZƏRTAC
Hacıqabulda eyni ərazidə iki yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən “Ford Tranzit” markalı avtomobilə arxadan çırpılaraq yolun kənarında dayanan piyadanı vurub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin vaxt eyni ərazidə daha bir yol qəzası baş verib. “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.