Hakan Fidan İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının uğurlu olacağına ümid edir

Ankara, 15 may, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının uğurlu olacağına ümid etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, o, cümə axşamı Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün əsas gününün açılışında çıxış edərək deyib: “Ümidvaram ki, İstanbuldakı danışıqlar bizə yeni səhifə açmağa imkan verəcək”.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Ankaranın ziddiyyətlərin sülh və diplomatik yolla həllinə hər zaman tərəfdar olduğunu vurğulayıb. O qeyd edib: “Üç il davam edən əzab-əziyyətdən sonra yeni fürsət pəncərəsi açılıb”.
Yaxın saatlarda İstanbuldakı Dolmabahçe sarayında birbaşa Rusiya-Ukrayna danışıqları başlayacaq. Rusiya nümayəndə heyətinə 2022-ci ilin yazında artıq Türkiyə metropolisində danışıqlar aparan qrupa rəhbərlik etmiş RF Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov və başqaları daxildir.
Danışıqlara hazırlıq Rusiya Prezidentinin mayın 15-də İstanbulda Ukraynaya ilkin şərt olmadan nizamlanma üzrə birbaşa dialoqu bərpa etməyi təklif etməsindən sonra başlayıb.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Türkiyədə Rusiya lideri Vladimir Putinlə şəxsi danışıqlara hazır olduğunu bildirərək Ankaraya gəlib.
Bu gün Türkiyə paytaxtında prezidentlər Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında görüş də planlaşdırılır.
ABŞ dövlət katibi Marko Rubio bu gün Antalyada jurnalistlərə deyib ki, “Rusiya-Ukrayna münaqişəsinin hərbi yolla həlli yoxdur və biz yaxın günlərdə sülhə doğru irəliləyiş görmək istərdik”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara