CƏMİYYƏT
Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır

Bakı, 8 dekabr, AZƏRTAC
Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin dekabrın 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.
Dəyişikliyə görə, həmçinin 18 yaşına çatmamış işçilərə, eləcə də 14 yaşına qədər uşağı tək böyüdən qadınlara şamil olunur. Mövcud qanuna görə, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınların gecə növbələrində, bayram günlərində işləmələrinə qadağa qoyulmuşdu, həmçinin ezamiyyətə getmələrinə icazə yox idi.
Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlbedilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Qanun layihəsinə olunan dəyişikliyin əsas məqsədi ölkədə qadın və kişilərin əməkhaqları arasında fərqi azaltmaqdır.