Hansı halda müəssisənin nizamnamə fonduna qoyulan əsas vəsaitlər ƏDV-yə cəlb olunur?
Bakı, 2 may, AZƏRTAC
Vergi Məcəlləsinə əsasən, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın (əsas vəsaitlər istisna olmaqla) qoyulmasından (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV tutulmur.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Məcəlləyə görə, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyulması (əsas vəsaitin pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) üzrə əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 146-cı maddəsinin müddəalarına əsasən, şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə, aktivlərin verilməsi vergiyə cəlb olunan təqdimetmə sayılmır. Yəni hüquqi şəxsin təsisçisi tərəfindən əmlakın həmin hüquqi şəxsin nizamnamə kapitalına pay şəklində qoyuluşu vergitutma məqsədləri üçün vergiyə cəlb olunan təqdimetmə sayılmır.
Mallara görə ödənilmiş ƏDV məbləğini müəssisə Vergi Məcəlləsinin müddəalarına əsasən əvəzləşdirə bilməyəcək. Çünki müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması Vergi Məcəlləsinin 164.1.5-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azaddır.