Hansı hallarda bitkiyə pestisid və aqrokimyəvi maddələr tətbiq etmək olmaz? - fermerlərə tövsiyə
Şəki, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yer kürəsində baş verən qlobal iqlim dəyişkənliyi kənd təsərrüfatına da öz təsirini göstərməkdədir. Etibarlı ərzaq təminatında xüsusi yeri olan taxıl sahələrində bu dəyişkənlik daha çox müşahidə edilir. Belə şəraitdə məhsuldarlığın artırılması üçün iri fermer təsərrüfatları səpinqabağı və səpindən sonra öz sahələrində mütəmadi müşahidələr aparmalı, mütəxəssis məsləhəti ilə fitosanitar riskləri qabaqcadan görüb operativ qərar verməklə qarşısını almağı bacarmalıdırlar. Kimyəvi mübarizə tədbirləri bitkinin inkişaf mərhələsi nəzərə alınmaqla, vaxtında və reqlamentə uyğun şəkildə aparılmalıdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin (BMFM) Şəki Rayon Mərkəzinin rəisi Tələt Mehdiyev deyib.
Onun sözlərinə görə, son illərin müşahidələri göstərir ki, bir çox sahələrdə kimyəvi mübarizə tədbirləri qlobal istiləşmənin bitkinin fizioloji vəziyyətinə təsiri nəzərə alınmamaqla aparılır. Belə ki, quraqlıq stresi keçirən əkinlərdə pestisid və aqrokimyəvi maddələrin tətbiqi bitkilərə əlavə stres verir. “Bir mütəxəssis kimi tam məsuliyyətlə deyə bilərəm ki, bitki stresdə olduğu vaxt pestisid və aqrokimyəvi maddələrin tətbiqi yolverilməzdir. Belə vəziyyətdə bitkini stresdən çıxaran preparatlardan istifadə etmək, hidrometeoroloji proqnozları izləmək, eləcə də torpağın nəmli və rütubətli olduğunu nəzərə almaq vacibdir”, - deyə o bildirib.
“Bitki mühafizəsi sahəsində aparılan bütün tədbirlər elmi əsaslarla həyata keçirilməlidir”, - deyən qurumun rəsmisi qeyd edib ki, zərərli orqanizmlərə qarşı düzgün diaqnozun qoyulmasında, preparatın seçimində və mübarizə vaxtının düzgün təyin edilməsində AXA-nın BMFM-nin Şəki Rayon Mərkəzi ilə iş birliyi yaratmaq lazımdır. Məhz son illər rayonun fermerləri tərəfindən mübarizə tədbirlərində Şəki Rayon Mərkəzi ilə sıx əlaqə yaratmaq nəticəsində əhəmiyyətli irəliləyiş əldə edilib. Xüsusilə, pestisidlərlə işləyərkən təhlükəsizlik qaydalarının gözlənilməsi nəticəsində rayonda son illər xoşagəlməz hadisələr baş verməyib.