Hematoloq: Uşağın talassemiya ilə doğulma ehtimalı valideynlərin genetik vəziyyətindən asılıdır
Bakı, 8 iyul, AZƏRTAC
Talassemiya irsən ötürülən, genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Yəni valideynlərdən uşağa genlər vasitəsilə ötürülür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva deyib.
Hematoloq qeyd edib ki, xəstəliyin yaranması üçün uşaq problemli geni həm anadan, həm də atadan almalıdır. Uşağın talassemiya ilə doğulma ehtimalı isə valideynlərin genetik vəziyyətindən asılı olaraq dəyişir.
“Belə ki, hər iki valideyn sağlamdırsa və talassemiya daşıyıcısı deyilsə, uşağın nə xəstə, nə də daşıyıcı olma ehtimalı yoxdur. Əgər valideynlərdən biri talassemiya daşıyıcısı, digəri sağlamdırsa, uşaq xəstə doğulmur. Bu halda hər hamiləlik zamanı 50 faiz ehtimalla uşaq tam sağlam, 50 faiz ehtimalla isə talassemiya daşıyıcısı olur. Ən yüksək risk hər iki valideynin talassemiya daşıyıcısı olduğu hallarda müşahidə edilir. Belə olduqda hər hamiləlikdə 25 faiz halda uşaq tam sağlam, 50 faiz halda uşaq talassemiya daşıyıcısı, 25 faiz halda isə uşaq talassemiya xəstəsi doğulur. Valideynlərdən biri talassemiya xəstəsi, digəri isə daşıyıcı olduqda risk daha da artır. Bu halda hər hamiləlikdə uşağın 50 faiz ehtimalla talassemiya xəstəsi, 50 faiz ehtimalla isə daşıyıcı olması gözlənilir. Əgər hər iki valideyn talassemiya xəstəsidirsə, uşağın talassemiya ilə doğulma ehtimalı 100 faiz təşkil edir”, - deyə hematoloq bildirib.
Avesta Allahverdiyeva vurğulayıb ki, talassemiyanın irsi ötürülmə xüsusiyyətinə görə nikahdan əvvəl tibbi-genetik müayinə xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən nikahöncəsi skrinninq proqramı talassemiya daşıyıcılarının vaxtında aşkar edilməsinə və gələcəkdə ağır formalı talassemiya ilə doğulan uşaqların sayının azaldılmasına xidmət edir. Talassemiya geninin uşağa ötürülmə riski valideynlərin genetik vəziyyətindən birbaşa asılıdır. Buna görə də maarifləndirmə, erkən diaqnostika və profilaktik tədbirlər bu xəstəliklə mübarizədə mühüm rol oynayır.