Həmyerlimiz Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin illik konfransında iştirak edib
Tokio, 3 iyun, A ZƏRTAC
Həmyerlimiz, “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısı, LCD texnologiyaları sahəsində tanınmış mütəxəssis doktor Xəlil bəy Kələntər İnformasiya Displeyləri Cəmiyyətinin (SID) bu günlərdə San-Fransisko şəhərində keçirilmiş illik konfransında iştirak edib.
Konfransla bağlı təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən alim bildirib ki, SID dünyanın ən böyük displey texnologiyaları cəmiyyətidir. Cəmiyyətin hər il keçirilən konfransında dünyanın müxtəlif ölkələrindən gələn səkkiz minədək tədqiqatçı iştirak edir. Həmin elmi toplantıda 600-dək alim yeni texnologiyalar sahəsində əldə etdikləri nəticələr barədə məruzələrlə çıxış edirlər. ABŞ-ın San-Fransisko şəhərində təşkil edilən konfransda yeni məhsullara və innovasiyalara aid sərgi də iştirakçılara təqdim olunub.
Cəmiyyətin displey sistemləri üzrə proqram komitəsinin üzvü olan həmyerlimiz qeyd edib ki, konfrans üçün məruzələri məhz həmin komitə bütün dünya üzrə müxtəlif universitetlərdən və şirkətlərdən təqdim edilən məruzələr arasından seçir. Komitənin yanvar iclası zamanı seçilən məruzələr cəmiyyətin may və ya iyun ayında təşkil olunan konfransının sessiyalarında müzakirəyə çıxarılır. Cari ildə doktor Xəlil bəy Kələntər konfransın altı sessiyasına sədrlik edib.
Bundan əlavə, həmyerlimiz konfrans çərçivəsində təşkil olunan əcnəbi məruzəçilərin simpoziumuna da rəhbərlik edib.
Məlumat üçün bildirək ki, Xəlil bəy Kələntər 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu İnformasiya Displeyləri Cəmiyyətinin fəxri üzvü seçilib.
Bundan əlavə, Xəlil bəy “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin üzvüdür.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri kimi Dünya Azərbaycanlılarının IV qurultayında iştirak etmək üçün Bakıya yola düşən həmyerlimiz, diaspor təşkilatlarımızın budəfəki toplantısının xüsusi əhəmiyyətə malik olduğunu da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio