Hərbi Liseydə Bakı metrosunda baş vermiş faciədə şəhid olanların xatirəsi anılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 1995-cü ildə Bakı metrosunda baş vermiş faciədə bu hərbi təhsil müəssisəsinin şəhid olmuş zabiti, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin, eləcə də “İgidliyə görə” medalı ilə təltif edilmiş kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərovun anma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə mərasim iştirakçıları klubun foyesində təşkil edilən “Qəhrəmanlar unudulmur” adlı sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən lisey rəisinin müavini polkovnik Rəhim Səmədov şəhidlərin xidmət yolundan danışıb.
Ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Kursantlar şəhidlərin qəhrəmanlıqları haqqında danışıb, şerlər səsləndiriblər.
Milli Qəhrəman Çingiz Babayevə həsr olunan “Əfsanəvi qəhrəman” kitabının müəllifi Südabə Sərvi tədbir iştirakçılarına nəşr haqqında məlumat verib.
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi V.Məmmədov Hərbi Liseyin və Bakı Metropoliteninin rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Hərbi Liseyin müəllimi Çingiz Quliyev Milli Qəhrəman Çingiz Babayevlə birgə işlədiyi dövrün xatirələrini bölüşüb.
Liseyin ədəbiyyat müəllimi Gülsəda Quluqızı Çingiz haqqında yazdığı şeri oxuyaraq onu Milli Qəhrəmanın atasına hədiyyə edib.
Sonra Milli Qəhrəman Çingiz Babayev barədə çəkilmiş sənədli filmin rejissoru Elnur Əliyev çıxış edib və ekran əsəri tədbir iştirakçılarına təqdim olunub.
Milli Qəhrəmanın atası Adil Babayev də tədbirin təşkilinə görə liseyin rəhbərliyinə təşəkkürünü bildirib və kursantlara seçdikləri bu şərəfli yolda uğurlar arzulayıb.
Sonda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Rüfət Əmirov valideynlərə və kursantlara ürək sözlərini çatdırıb.