Hesablama Palatasının həyata keçirdiyi səmərəlilik auditləri ilə əhatə edilmiş DİM-lərin sayı artırılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Hesablama Palatası tərəfindən həyata keçirilən səmərəlilik auditləri ilə əhatə edilmiş DİM-lərin sayı artırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda bildirib.
“Strateji Planımıza uyğun olaraq, 2021-ci il üzrə 4, 2022-ci il üzrə isə 5 səmərəlilik (performans) auditi aparmışıq. 2021-ci ildə seçilən mövzuların 2-si, 2022-ci ildə isə 5-i üzrə DİM qiymətləndirilməsi aparılıb, bu illər ərzində ümumilikdə 6 məqsəd əhatə olunub. Bu halda DİM-lərin hədəfləri audit meyarlarından biri olaraq qəbul edilib. Keçirilən auditlərdə DİM-lərin qlobal göstəricilər sisteminə daxil olan indikatorlar üzrə Dövlət Statistika Komitəsi tərəfindən aparılan hesablamaların audit nəticələri ilə uzlaşıb-uzlaşmadığı da təhlil olunub. Həyata keçirdiyimiz səmərəlilik auditlərində indikatorlar üzrə faktiki göstəricilərin hədəflərə uyğunluğu, başqa sözlə, əldə olunmuş proqres qiymətləndirilib”, - deyə V.Gülməmmədov diqqətə çatdırıb.
Palata sədri qeyd edib ki, Hesablama Palatası tərəfindən bu illər ərzində 16 DİM indikatoru əhatə edilib, bunlardan 13-ü 2022-ci ilin payına düşüb. DİM-lər sahəsində hədəf və indikatorlar AAQ-lara 3 geniş sahədə audit aparmağa imkan verir. Proqresin qiymətləndirilməsi ilə yanaşı, hədəflərin auditi (hədəflərin real olması, ehtiyaclar üzrə görülməli işlərin düzgün başa düşülməsi qiymətləndirilir) və indikatorların auditi (burada onların etibarlı və düzgün olması qiymətləndirilir) də həyata keçirilə bilər. Nəticəəsaslı büdcənin dairəsinin artırılması Hesablama Palatası tərəfindən həmin audit yanaşmalarından istifadəyə də imkan verəcəkdir.