İQTİSADİYYAT
Hesablama Palatasının sədri MDB-yə üzv dövlətlərin AAO Rəhbərləri Şurasının iclasında iştirak edib


Bakı, 29 sentyabr, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov onlayn formatda keçirilmiş Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Ali Audit Orqanlarının (AAO) Rəhbərləri Şurasının XX iclasında iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, qurumun sədri 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün əhəmiyyəti və həmin tarixin ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonra sədr iclasın “Dövlət auditinin müstəqilliyinin təmin olunması” mövzusu üzrə çıxış edərək, AAO-ların müstəqilliyinin dövlət tərəfindən dövlət auditinə verilən qiymət olduğunu bildirib. Eyni zamanda, sədr beynəlxalq prinsip və standartların AAO-ların müstəqilliyinin müxtəlif aspektlərinə tələblərindən, fiskal diaqnostik alətlərin müstəqilliyə dair meyarlarından, Hesablama Palatasının bu qiymətləndirmələrdə mövqeyindən və gördüyü işlərdən danışıb.
Toplantıda Azərbaycan Respublikası Hesablama Palatası ilə yanaşı Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Belarus AAO rəhbərləri də həmin mövzu ətrafında çıxışlar ediblər.
Daha sonra Şuranın 2023-2025-ci illər üzrə İş Planı, o cümlədən Standartların hazırlanması üzrə İşçi Qrupun hesabatı təsdiqlənib.
Qırğızıstan Respublikası Hesablama Palatası Şuranın 2023-2025-ci illər üzrə sədri müəyyənləşdirilib.