HƏSƏN BƏY ZƏRDABİNİN GİGİYENAYA HƏSR OLUNMUŞ KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
ASRP-nin sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı 22 iyul - Milli Mətbuat günü münasibətilə iştirakçıları təbrik etmiş, müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda mətbuat orqanlarına göstərilən dövlət qayğısından danışmışdır. Natiq Həsən bəy Zərdabinin təqdimatı keçirilən kitabından geniş oxucu kütləsinin xəbərsiz olduğunu, əsərin hər cümləsində hamı üçün gündəlik zəruri biliklərin əks edildiyini söyləmişdir. Kitabın xalqımızın fiziki və mənəvi sağlamlığı, sivil rifahı baxımından böyük əhəmiyyəti diqqətə çarpdırılmışdır.
Professor İzzət Rüstəmov, Mətbuat Şurasının üzvü Rəhim Hüseynzadə, kitabın tərtibçisi, əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov və başqaları bu qiymətli, çox faydalı bir gigiyena kitabının Milli Mətbuat günü ərəfəsində nəşr edilməsini zərdabişünaslara qiymətli hədiyyə kimi dəyərləndirmiş, əsərin Həsən bəy Zərdabinin xalqımızı xoşbəxt və sağlam görmək arzusunun gerçəkləşməsinə xidmət edəcəyini vurğulamışlar.