CƏMİYYƏT
Həvəskar musiqiçi zəruri avadanlıqlarla təmin olunub
Bakı, 2 dekabr, AZƏRTAC
On beş yaşından həvəskar şəkildə musiqi fəaliyyəti ilə məşğul olan Aqşin Umbayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsinin iştirakçılarından biridir.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə məşğulluq proqramlarının icrasında əlilliyi olan şəxslərə zəruri avadanlıqlar verilərkən o da sintezator və musiqi avadanlıqları ilə təmin olunub.
Aqşinin heç bir musiqi təhsili olmasa da, fərdi şəkildə öz üzərində işləməsi nəticəsində mükəmməl musiqilər ifa edir. O, el şənliklərinə və ziyafət məclislərinə dəvət alır, mahnılar aranjiman edir.
“Layihədən şəxsən xəbərim olmasa da, həmkarlarım bu barədə mənə məlumat verdilər. Açığı, çox maraqla qarşıladım. Bu təşəbbüs mənim də çox xoşuma gəldi və dərhal mən də layihə iştirakçıları sırasına qoşuldum. Güman edirəm ki, şəxsi musiqi alətləri və avadanlıqlarına malik olmağım musiqilərin bəstələnməsi, aranjimanı və mahnıların ifa olunması sahəsində işimdə xeyli irəliləyişə nail olmağa imkan verəcək”, - deyə o, layihə haqqında minnətdarlıq hissi ilə bəhs edib.