“Heydər Əliyev – müstəqil və qüdrətli Azərbaycanın banisi” - dəyirmi masa





Gəncə, 10 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev – müstəqil və qüdrətli Azərbaycanın banisi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru professor İbrahim Cəfərov, eləcə də hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rəsmilər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra Mərkəzdə yerləşən Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyinə ekskursiya təşkil olunub, iştirakçılar rəsm sərgisinə baxış keçiriblər.
Tədbir zamanı müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, müdrik liderlik fəaliyyəti və xalqımıza göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat təqdim olunub.
Niyazi Bayramov çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasi fəaliyyəti Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, ölkəmizin müstəqillik tarixində yeni və şanlı bir mərhələnin əsasını qoyub. Onun rəhbərliyinin hər iki dövründə ölkəmiz sosial-iqtisadi inkişaf, elm, təhsil, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edib. Şəhər rəhbəri bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sabitliyi təmin olunub, ölkəmiz bölgədə və beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrilib. Onun ideyaları bu gün də yaşayır və inkişaf edir. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu ideyalar uğurla davam etdirilir, Azərbaycan güclənir, qüdrətlənir və regionda lider mövqeyini möhkəmləndirir.
Daha sonra çıxış edən Bayram Aslanov, akademik Fuad Əliyev, professor İbrahim Cəfərov və Əməkdar həkim Mehman Rzayev Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi ölkə miqyasında geniş qeyd olunur. Keçirilən tədbirlər Heydər Əliyev siyasətinin davamı kimi böyük əhəmiyyət daşıyır. Bildirilib ki, Konstitusiyamız bu gün həm hüquqi sabitliyin təminatçısı, həm də insan hüquq və azadlıqlarının əsas qoruyucusudur. Onun hazırlanıb qəbul olunmasında Heydər Əliyevin rolu misilsizdir – o, Azərbaycanın dövlət quruluşunun hüquqi əsaslarını formalaşdıraraq müasir dövlətin hüquqi modelini yaradıb.