Heydər Əliyev işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin edən Silahlı Qüvvələr yaratmışdı
Bakı, 13 dekabr, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin və Heydər Əliyev adına Hərbi Liseyin komandaları arasında viktorina keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxışlarda dahi lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılması, eyni zamanda, işğal olunmuş torpaqlarımızın azad olunmasını təmin etmək gücünə malik Silahlı Qüvvələrin yaradılması sahəsində apardığı mütərəqqi islahatlar barədə danışılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub, Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, rəqs və musiqi nömrələri ifa edilib.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi ilə təşkil olunan viktorinada komandalar Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu, siyasi fəaliyyəti, ölkəmizin tarixi, ordumuzun uğurları və digər mövzularda olan sualları cavablandırıblar.
Viktorinada “Motoatıcılar” komandası birinci, “Hava Hücumundan Müdafiə” komandası ikinci, “Rabitəçilər” komandası isə üçüncü yerə layiq görülüb.
Silsilə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun daimi dislokasiya məntəqələri ilə bərabər ön xətt bölmələrində də ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Məşğələlərdə bildirilib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir tələblərə cavab verən Ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bütün bunların təməlində Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsi və xalq-lider birliyi dayanır.
Hərbi hissə komandirlərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavinlərinin iştirakı ilə “Bizim sözümüz imzamız qədər dəyərlidir” mövzusunda keçirilən dəyirmi masada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizin ordu quruculuğu, təhsil, gənclər-idman, iqtisadi inkişaf, inzibati idarəçilik, xarici siyasət və digər sahələrdə sürətli inkişafı, əldə etdiyimiz böyük uğurlar, misilsiz və qürurverici qələbələr barədə danışılıb.
Çıxış edənlər xalqımızın bundan sonra da dövlətimizin başçısının ətrafında sıx birləşərək böyük uğurlara imza atacağını vurğulayıblar.