HEYDƏR ƏLİYEV QƏLBLƏRDƏ ƏBƏDİLƏŞİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Hacan Hacıyev mərasimdə Prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, onun dünyada nüfuzunun artması, erməni qəsbkarlarla mübarizədə ölkəmizin haqq işinin dünyaya bəyan edilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən söhbət açmışdır. Səfir Gürcüstan və Azərbaycan dövlətləri arasında dostluq və mehriban qonşuluq münasibətlərinin hazırda çoxlarının həsəd apardığı müasir durumunda Heydər Əliyevin xüsusi xidmətlərindən, Heydər Əliyevlə görüşlərindən danışmışdır. Anma mərasimində Qafqaz Müsəlmanları İdarəsinin rəisi şeyxülislam hacı Allahşükür Paşazadənin Gürcüstandakı səlahiyyətli nümayəndəsi, Tbilisidəki Cümə məscidinin axundu Məşədi Əli mərhumun ruhuna dua oxumuşdur.
Gürcüstanın yeni iqtidarının, parlamentin, nazirlik və idarələrin, Gürcüstan azərbaycanlıları nümayəndələrinin iştirak etdiyi mərasimdə çıxış edənlər Heydər Əliyevin xatirəsinin qəlblərdə əbədi yaşayacağını dəfələrlə vurğulamışlar. Sonra böyük ehsan süfrəsi açılmış və dünya şöhrətli siyasətçinin xatirəsinə dair söhbət həmin süfrə arxasında davam etdirilmişdir.