HEYDƏR ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ HƏYATA KEÇİRİLƏNTORPAQ İSLAHATLARININ BİRİNCİ MƏRHƏLƏSİUĞURLA BAŞA ÇATDIRILMIŞDIR
Komitənin sədri Qərib Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin iqtisadiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışmış, ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
O qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin aqrar iqtisadi siyasətinin tərkib hissəsi olaraq həyata keçirilən torpaq islahatlarının birinci mərhələsi uğurla başa çatdırılmışdır. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanında da diqqət bir daha regionların inkişafına istiqamətləndirilmiş, rayonlarda iqtisadi inkişafın əsas bazası olaraq, torpaq islahatlarının daha da dərinləşməsi şərtləşdirilmişdir. Hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar aqrar sektorda da ciddi nailiyyətlər əldə edilməkdədir. Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində respublikamızda 2031 təsərrüfat (kolxoz və sovxozlar) ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanmışdır. İşğal olunmuş rayonlarımız istisna olmaqla, bu mərhələdə ölkəmizdə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən, 869 min 268-nə torpaq verilmiş, ölkədə torpaq islahatı 99,5 faiz yerinə yetirilmişdir. Bu islahatlar nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşmişdir. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8641506 hektar torpaq sahəsindən 4913639 hektarı və ya 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb, 2032744 hektarı bələdiyyə mülkiyyətinə verilib, 1695123 hektarı isə xüsusi mülkiyyətə ayrılmışdır. Respublika üzrə mövcud 4551 kənd və qəsəbənin 3255-də həyətyanılar altında olan torpaq sahələrində çöl ölçmə işləri tamamlanmış, qalan kəndlərdə isə işlər bu il də davam etdiriləcəkdir. 3090 kənd üzrə 907 min 906 ailəyə isə qanuni istifadəsində olan həyətyanı sahələri ilə bağlı şəhadətnamələr işlənib vətəndaşlara təqdim edilmişdir.
Komitə sədri onu da vurğulamışdır ki, ölkəmizdə mövcud 2748 bələdiyyə vahidinə, onların mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamələrin hazırlanması üçün yer quruluşu sənədlərinin işlənməsi davam etdirilmiş, 2058 bələdiyyə üçün belə sənədlər hazırlanmışdır. Mövcud bələdiyyələrin, o cümlədən 63 şəhər bələdiyyəsinin torpaqları ərazi hüdudları daxilində onlara ilkin olaraq tanıdılmışdır. Həmçinin, bu günə kimi, müasir avadanlıq vasitəsilə 949 təsərrüfatın elektron kadastr xəritələri hazırlanmışdır.
Uğurlarla yanaşı, yol verilmiş nöqsanlardan da danışan, qarşıda duran vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliklərini ifadə edən natiqlər vurğulamışlar ki, Prezident İlham Əliyevin verdiyi müvafiq Fərmana uyğun olaraq, regionların iqtisadi inkişafı sürətləndirilmişdir.