Hicran Hüseynova: Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır
Bakı, 2 mart, AZƏRTAC
Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır və biz Ulu Öndərə çox borcluyuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri Hicran Hüseynova “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda martın 2-də keçirilən konfransda səsləndirib.
Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda fəal iştirakı və ailə institutunun qorunmasındakı rolundan danışan komitə sədri Azərbaycanın 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyaya, yəni CEDAW-a qoşulmasında Ulu Öndərin xidmətlərini qeyd edib. Bu Konvensiyanın qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olduğunu xatırladan H.Hüseynova bu sənədə qoşulmaqla onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaratdığı imkanlardan danışıb.
“Heydər Əliyev vurğulayırdı ki, ölkəmizə qarşı təzyiqlər çərçivəsində Azərbaycan xalqı üçün müqəddəs olan ailə dəyərlərimiz aşına bilər və bunun üçün də çox diqqətli olmalıyıq. Azərbaycan hər zaman qadınların hüquqlarının qorunması istiqamətində nümunə göstərib və göstərməkdə davam edir. Şərqdə qadınlara seçki hüququ məhz bizim ölkədə verilib. 2006-cı ildə ölkəmizdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib və qadınların hüquqların qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi davam etdirilir”, - deyə Hicran Hüseynova diqqətə çatdırıb.