Hicran Hüseynova: Qadınların və uşaqların iqlim fəaliyyətində rolu mühüm əhəmiyyət kəsb edir
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanın iqlim dəyişiklikləri və ekoloji problemlərlə mübarizədə əldə etdiyi uğurlar dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında geniş əməkdaşlıq imkanları yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, iqlim fəaliyyətinin sosial komponentinin, xüsusilə qadınlar və uşaqlar üçün əhəmiyyətinin ortaya qoyulması çox vacibdir: “Azərbaycan qlobal problemlərin müzakirəsində və onların həllində mühüm tövsiyələr verir. Burada ətraf mühit və iqlim dəyişiklikləri bütün bəşəriyyəti düşündürən əsas məsələlərdir. Hər bir ölkənin özünəməxsus çətinlikləri olsa da, ümumi problemlərə yanaşma vacibdir”.
Hicran Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsləri çərçivəsində ekoloji problemlərə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis olunmuş IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən bir sıra layihələr uşaqların və həssas qrupların inkişaf hüquqlarının qorunmasına, qadınların səlahiyyətlərinin artırılmasına və ailə hüquqlarının müdafiəsinə yönəlib.
Komitə sədri əlavə edib ki, Azərbaycanın enerji siyasətində Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr qoyulur. Eyni zamanda, ölkədə iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün uzunmüddətli tədbirlər həyata keçirilir. O, qadınların iqlim fəaliyyətində iştirakının vacibliyini xüsusi vurğulayıb: “İqlim dəyişiklikləri qadınlar və uşaqlar üçün xüsusi risk yaradır. Qadınlar həm cəmiyyətin ekoloji şüurunun yüksəldilməsində, həm də dayanıqlı inkişafın təmin edilməsində öncül rol oynayır. Onların iştirakını artırmaq və dəstəkləmək bütün cəmiyyətin maraqlarına xidmət edir”.
Tədbirdə, həmçinin vurğulanıb ki, Azərbaycan gender bərabərliyinin təmin olunması və davamlı inkişafın təşviqi sahəsində qlobal və regional əməkdaşlıq layihələrində fəal iştirak edir.