Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun 50 yaşı tamam olur
Bakı, 16 mart, AZƏRTAC
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN0 Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət göstərməsinin 50 ili tamam olur.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, 50 illik fəaliyyəti dövründə institut tərəfindən Xəzər dənizinin, respublikamızın quru ərazisinin hidrometeoroloji şəraitinin öyrənilməsi istiqamətində çoxsaylı tədqiqatlar aparılıb, hidrometeoroloji xidmət sisteminin metodiki təminatı, yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilib, eyni zamanda, hidrometeorologiyaya dair atlaslar, çoxsaylı monoqrafiyalar, metodiki vəsaitlər, sorğu və icmallar nəşr olunub.
Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu ETSN-in prioritet istiqamətlərinə uyğun olaraq müasir iqlim dəyişmələri və onun regional təsirləri, təhlükəli hidrometeoroloji hadisələr, səth su ehtiyatlarının qiymətləndirilməsi, yüksək dağlıq ərazilərin hidrometeoroloji şəraitinin tədqiqi, hidrometeoroloji proqnozların və müşahidə sistemlərinin təkmilləşdirilməsi, hidrometeoroloji xidmətin metodik təminatı, nəşr, yüksək ixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyət göstərir. Elmi müəssisədə 2002-ci ildən indiyədək 140-a yaxın elmi məqalə, 9 monoqrafiya, 2 xəritə, 1 sel kataloqu, 1 atlas, 18 metodiki vəsait, 3 dərslik çap edilib.
İnstitut tərəfindən aparılan elmi tədqiqat işlərindən alınmış nəticələrdən 5-i xüsusi əhəmiyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi tərəfindən vacib elmi nəticələr sırasına daxil edilib.
Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu 1966-cı il martın 16-da Zaqafqaziya Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun nəzdində “Dəniz hidrometeorologiya laboratoriyası” kimi fəaliyyətə başlayıb. 1970-ci ildə Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun tərkibinə verilib, 1975-ci ildən Zaqafqaziya Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun Bakı Bölməsi kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra isə Dövlət Hidrometeorologiya Komitəsinin nəzdində fəaliyyət göstərib. 2001-ci ildən isə ETSN-in Milli Hidrometeorologiya Departamentinin nəzdində Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu kimi fəaliyyətini davam etdirir.