Hikmət Quliyev: Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın folklor irsi rəqəmsallaşdırılaraq qorunmalıdır
Bakı, 6 oktyabr, AZƏRTAC
“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın zəngin folklor irsi ilə bağlı toplama və tədqiqat işlərinin təqdimatı baxımından mühüm platformadır. Eyni zamanda, bu kitablar Azərbaycan mədəni-mənəvi coğrafiyasının, etnik-milli yaddaş resurslarının qorunması, gələcək nəsillərə çatdırılması baxımından strateji əhəmiyyətə malikdir. Sərgidə folklorşünaslıq, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq və digər istiqamətlərdə təqdim olunan əsərlər hazırkı rəqəmsal transformasiyalar, qloballaşma və virtuallaşma çağında etnik-milli dəyərlərə olan təhlükələrin qarşısının alınması, bu istiqamətdə mədəni-intellektual immunitetin gücləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, bu gün cəmiyyətimiz yalnız real sosial-mədəni mühitdə deyil, həm də virtual sosial-mədəni aləmdə yaşayır. Bu baxımdan rəqəmsal aləmdə xalqların öz mənəvi dəyərlərini, ədəbiyyatını, tarixini, folklor ənənələrini qoruyub saxlaması zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev XI Bakı Beynəlxalq Kitab Sərgi çərçivəsində AMEA tərəfindən təşkil olunmuş “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbirdə çıxışı zamanı bildirib.
Alim qeyd edib ki, builki sərginin “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunması da xüsusi məna daşıyır. Əslində, bu mövzu müasir dövrdə insan-mədəniyyət münasibətlərinin aktual problemlərindən biridir. Çünki biz artıq təkcə klassik insan modelindən deyil, həm də texno-insan deyilən yeni bir sosial-mədəni reallıqdan danışırıq.
“Əgər dünən miflərimiz, dastanlarımız, mərasimlərimiz kollektivi birləşdirən yaddaş məkanı idisə, bu gün rəqəmsal mühit – sosial şəbəkələr, virtual platformalar həmin funksiyanı müəyyən mənada öz üzərinə götürməkdədir. Odur ki, hazırkı texnososial, eləcə də texnokulturoloji proseslər öz insanını yetişdirir və həmin insanın yaratdığı mədəniyyət dinamik, mobil, cari gerçəkliyi də öz içərisində yaşadır. Beləliklə, folklorun transformasiyası texno-insanın həyati gerçəkliyi ilə sıx şəkildə bağlıdır”, - deyə Hikmət Quliyev qeyd edib. Alim Zəngəzur, Qarabağ və Qərbi Azərbaycanın folklor irsinin rəqəmsallaşdırılaraq müasir dünyanın tələblərinə uyğun şəkildə qorunması, araşdırılması və aktuallaşdırılaraq canlı şəkildə yaşadılmasının zəruriliyini də diqqətə çatdırıb.
Son illərdə AMEA-da istər fərdi müəlliflərin əsərlərinin, istərsə də çoxcildli kitabların nəşri istiqamətində ciddi irəliləyişin müşahidə olunduğunu söyləyən Hikmət Quliyev bildirib ki, bu dinamika AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında həyata keçirilən kompleks islahatların, sistemli tədbirlərin nəticəsidir. Bu gün sərgidə həmin fəaliyyətin nəticəsi olan ilkin tədqiqatlar yer alıb.
O, tədbirdə aparılan müzakirələrin, səslənən fikirlərin Zəngəzurla bağlı yeni tədqiqatlara istiqamət verəcəyinə və gələcək araşdırmaların daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.