Hindistan səfirliyi oktyabrın 1-də ağacəkmə aksiyası keçirəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 15-dən oktyabrın 2-dək Hindistanda “Swachhta Hi Seva (SHS)” (“Təmizlik xidmətdir”) kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilir. Bakıdakı hind icması və azərbaycanlı tələbələr də həmin kampaniya çərçivəsində ağacəkmə aksiyasına qoşulacaq.
Hindistanın Bakıdakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbir BMT-nin təsdiq etdiyi və hər il oktyabrın 2-də dünyada Beynəlxalq Qeyri-Zorakılıq Günü kimi qeyd edilən Mahatma Qandinin doğum gününə həsr olunur.
Hindistan səfiri Sanjay Rana qeyd edib ki, Mahatma Qandi təmizliyə böyük əhəmiyyət verirdi. 2019-cu ildə Mahatma Qandinin 150-ci ildönümü qeyd olunanadək bütün ölkə ərazisində kampaniya başlanıb. Bu il sentyabrın 15-dən isə ümummilli sanitariya kampaniyası keçirilir.
Səfir onu da bildirib ki, Mahatma Qandinin sülh və tolerantlıq barədə dedikləri bu gün də aktuallığını saxlayır, təbiət və təmizliklə əlaqədar söylədikləri isə bütün zaman və məkanlara uyğundur.
“Swachhta Hi Seva ” kampaniyası çərçivəsində ölkəmizdəki Hindistan Assosiasiyası, yerli QHT-lər və azərbaycanlı tələbələrin iştirakı ilə oktyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat bağında təmizlik və ağacəkmə aksiyası keçiriləcək.