DÜNYA
HİTLER FƏXRİ VƏTƏNDAŞLIQDAN MƏHRUM EDİLDİ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Xaslak şəhəri bu yaxınlaradək Adolf Hitlerin fəxri vətəndaş titulunu qoruyub saxladığı sonuncu Avstriya şəhəri idi. Lakin şəhər şurası bu günlərdə sabiq faşist liderini fəxri sakinlər siyahısından çıxarmaq haqqında yekdilliklə qərar qəbul etmişdir.
Xaslak şəhərinin fəxri vətəndaşı adı Adolf Hitlerə 1938-ci ilin martında verilmişdi. Şəhərin meri N.Leytnerin dediyinə görə, bu qərar zamanın hökm etdiyi zərurət deyil, sadəcə, təmizlənmə aktıdır.
Hazırda Almaniyada Hitlerin indiyədək fəxri vətəndaşı olduğu təkcə bir şəhər – Saksoniya - Anhalt əyalətindəki Bitterfeld şəhəri qalmışdır. Şəhər merinin fikrincə, Hitlerin adının fəxri vətəndaşlar siyahısında saxlanılması “tarixin dolğunluğu” baxımından zəruridir.