SİYASƏT
HOLLANDİYADA AZƏRBAYCANIN MÜSTƏQİLLİYİ GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Niderland Krallığının Apeldorn şəhərində Azərbaycan Günü keçirmişdir.
Birliyin sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Gülşən Kazımova bildirmişdir ki, bu gün Azərbaycandan uzaqda yaşayan qadınlar ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, “The Times” jurnalının dünyanın 5 ən fəal birinci xanımından biri seçdiyi Mehriban Əliyevadan örnək götürərək öz fəaliyyətləri ilə yaşadıqları ölkənin inkişafında mühüm rol oynamağa çalışırlar. Azərbaycanı ən sadə hollandiyalıya daha yaxından tanıtmaq məqsədi ilə bundan sonra əyalətlərdəki məktəblərdə, uşaq və əlillər evlərində, xəstəxanalarda, ahıllar üçün pansionatlarda müntəzəm olaraq müxtəlif tədbirlər keçiriləcəkdir.
Bu təklif ilk dəfə “Veenkamp” ahıllar evində gerçəkləşdirilmiş və orada Dövlət müstəqilliyi günü münasibətilə Azərbaycanı tanıtma tədbiri təşkil olunmuşdur. Tədbirdə yerli ictimai təşkilatların nümayəndələri ilə yanaşı mətbuat və bələdiyyə təmsilçiləri də iştirak etmişdir.
“Veenkamp”in lokal meneceri Henk Drayer demişdir ki, son həftələrdə Azərbaycan sözü nəinki “Veenkamp”in işçilərinin, hətta yerli ictimai təşkilatların da dilindən düşmür. Henk Drayer onu da bildirib ki, təmsil etdiyi ahıllar evi Azərbaycanda fəaliyyət göstərən qocalar evinə dəstək göstərmək barədə “Ana Vətən”in təklifi ilə razılaşmışdır. Belə ki, “De Goede Zorg” birləşdirilmiş mərkəzlərinin (“Veenkamp”, “De Matenhof”, “Avondzon”) baş direktoru Bert Blaunun qərarı ilə onlar Azərbaycana tibbi ləvazimatlar, əlil arabaları göndərəcək, müxtəlif humanitar aksiyalarda iştirak edəcəklər.
Tədbirdə iştirak edən Apeldorn bələdiyyəsi sədrinin birinci müavini demişdir ki, şəhər rəhbərliyi Azərbaycanın hər hansı bir şəhəri ilə əməkdaşlıq haqqında layihəni nəzərdən keçirəcəkdir.
Tədbirin bədii hissəsində Azərbaycan və holland müğənniləri rəngarəng konsert proqramı ilə çıxış etmiş, Gülşən Kazımovanın yaşlılarlarla bağlı çəkdiyi “Domino” qisametrajli filmi nümayiş etdirilmiş, Hollandiyada yaşayan həmyerlimiz, rəssam Elman Əliyevin əsərləri sərgilənmişdir.
Sonda Azərbaycan milli mətbəxinin nünumələrindən ibarət süfrə açılmışdır.