SİYASƏT
HOLLANDİYADA RAMAZAN ORUCU İLƏ BAĞLI İFTAR ZİYAFƏTİ VERİLMİŞDİR
Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, qurumun Rotterdam ofisində mübarək Ramazan ayı münasibətilə iftar ziyafəti verilmişdir.
Ziyafətdə konqresin vitse-prezidenti Elsevər Məmmədov bütün müsəlman dünyası üçün müqəddəs ay olan Ramazanın əsas məziyyətləri, Azərbaycanla bağlı həqiqətlərin avropalılara çatdırılmasının və dünyaya geniş təbliğ edilməsinin Vətənini sevən hər bir azərbaycanlının əsas vəzifə borcu olduğunu bildirmişdir. Natiq mərasimə gələnlərə ölkəmizdə gedən mütərəqqi ictimai-siyasi proseslər, son zamanlar qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması, bunun nəticəsində dinc sakin və əsgərlərimizin qətlə yetirilmələri barədə ətraflı məlumat vermişdir.
Ramazan ayı ilə əlaqədar tədbirlər ölkənin paytaxtı Amsterdamda da keçirilmişdir. “Türk egitim” birliyi və “İslam və dialoq” mərkəzi tərəfindən Niderland Kraliyyə sarayında təşkil olunmuş iftarda şəhərin meri, BAK sədri Sahil Qasımov, yəhudi liqasının nümayəndələri, Avropadakı türk diasporunun təmsilçiləri iştirak etmişlər.
Sahil Qasımov Azərbaycanın bütün dinlərə münasibətdə tolerant ölkə olduğunu, məscidlərlə bərabər kilsə və sinaqoqların da fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını, dövlətimizin milli azlıqların din və dillərinin, mədəniyyətlərinin inkişafına xüsusi qayğı göstərdiyini bildirmişdir.
Mübarək Ramazan ayı ilə bağlı paytaxtın məşhur Krasnopolski mehmanxanasında Hollandiyadakı Türk İş Adamları Şurasının təşkil etdiyi iftar süfrəsində bank rəhbərləri və tanınmış iş adamları ilə yanaşı, türk və Azərbaycan diasporunun nümayəndələri də iştirak etmişlər.