HOLLANDİYADA TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdə Hollandiyada yaşayan azərbaycanlılarla yanaşı, türklər, İraq türkmənləri və Bati Trakiya türkləri iştirak etmişlər.
Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşqin Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərovu yığıncaq iştirakçılarına təqdim etmiş, başçılıq etdiyi cəmiyyətin son iki ildəki fəaliyyəti barədə məlumat vermiş və Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılacaq abidənin siyasi baxımdan əhəmiyyət daşıyacağını diqqətə çatdırmışdır.
Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğunda səfirliyinin birinci katibi Fuad Hümbətov Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən siyasi qiymətin verilməsinə nail olunması istiqamətində layihənin mühüm rolundan danışmış, Prezident İlham Əliyevin Bakıda keçirilmiş Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı nitqində türk və Azərbaycan diasporu qarşısında qoyduğu mühüm vəzifələr, birgə fəaliyyət strategiyası barədə ətraflı məlumat vermişdir.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) icraçı direktoru Elman Mustafazadə BAK-ın Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı layihəni dəstəklədiyini bildirmiş, qurultayda iştirak etmiş BAK sədri Sahil Qasımovun abidə barədə qurultay iştirakçılarına məlumat verdiyini qeyd etmiş və Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini oxumuşdur.
Türkiyənin Niderlanddakı səfirliyinin birinci katibi Leyla Ausmann, Avropa Cəfərilər Təşkilatının sədri Mehmet İrmak, diaspor fəallarından Samit Məmmədov və başqaları bu cür tədbirlərin xüsusi əhəmiyyətini vurğulamışlar.
Səfir Fuad İsgəndərov və birinci katib Fuad Hümbətov Azərbaycan diasporunun nümayəndələrini maraqlandıran suallara cavab vermiş, onlarla əlaqənin ümumi işə fayda verəcəyini qeyd etmişlər.
Tədbirin bədii hissəsində Bakıdan gəlmiş müğənni Elza Seyidcahanın, Almaniyada və Hollandiyada yaşayan Elbariz Həmidli və Elxan Rzayevin ifalarında Azərbaycan mahnıları səslənmiş, milli rəqslərimizdən ibarət nömrələr göstərilmişdir.
Tədbirin aparıcıları - jurnalist Elhaz Ordubadi və parodiyaçı Aras Azərbaycan gecənin maraqlı keçməsi üçün bütün imkanlardan istifadə etmişlər.
Tədbirdən əldə edilmiş vəsait Haaqada Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılacaq abidənin fonduna köçürülmüşdür.