Humanitar tibbi aksiya çərçivəsində Sədərək rayonunun 50 sakini müayinələrdən keçirilib
Sədərək, 10 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ayda bir dəfə təşkil edilən növbəti aksiya Sədərək Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadasının üzvləri bu səhiyyə müəssisəsində 50 nəfəri 120 tibbi müayinə ilə əhatə ediblər. Gün ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin aparılmasında rentgenoloq, kardioloq, endokrinoloq, oftalmoloq, nevropatoloq, fizioterapiya, USM aparatı, laborant və digər ixtisas həkimləri iştirak ediblər.
Qaraağac kənd sakini Hüseynalı Cəfərov xəstəxanada rentgen müayinəsindən keçirilib. İki övladı isə ambulator tibbi müayinələrlə əhatə olunub. O, başqa yerlərə getmədən ərazidə yerləşən səhiyyə müəssisəsində müayinə olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası belə aksiyaları digər rayonlarda da davam etdirəcək.
Qeyd edək ki, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə muxtar respublikada ilk dəfə Sədərək rayonunda icbari tibbi sığorta tətbiq olunub. Tibbi sığortanın təşkili ilə əlaqədar rayon Mərkəzi Xəstəxanası kompüterlərlə təmin edilərək səhiyyə informasiya sistemi yaradılıb, ehtiyac olan tibbi avadanlıqlarla təchiz edilib. İcbari tibbi sığortanın tətbiqi bu səhiyyə müəssisəsini yeni inkişaf mərhələsinə çıxarıb.