Hüquqşünas İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmir
Hüquqşünas İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmədiyindən onun ofisinə qaytarılıb.
Bu sözləri oktyabrın 25-də Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində səlahiyyətli nümayəndə Çingiz Əsgərov AZƏRTAC-ın müxbirinin sualını şərh edərkən deyib.
Ç.Əsgərov bildirib: “İntiqam Əliyev barəsində konkret əməllərlə bağlı istintaq aparılır. Məndə olan məlumata görə, ilkin olaraq, onun ofisindən bütün sənədlər müsadirə edilib. Sənədlər araşdırıldıqdan sonra İ.Əliyevin Avropa Məhkəməsi ilə yazışmaları istintaq üçün əhəmiyyət kəsb etmədiyindən ofisinə qaytarılıb. Bununla da Avropa Məhkəməsi ilə bağlı hər hansı müdaxilə baş verməyib. Yəni, istintaq həmin şəxsin Avropa Şurası, o cümlədən Avropa Məhkəməsində fəaliyyəti ilə bağlı deyil”.
Xatırladaq ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujniyeks Azərbaycana səfərindən sonra verdiyi bəyanatda digər məsələlərlə yanaşı, bildirib ki, dövlət orqanlarının hüquqşünas İntiqam Əliyevin Avropa Məhkəməsi ilə yazışmalarını müsadirə etməsi Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə münasibətlərinə mənfi təsir göstərə bilər.