İQTİSADİYYAT
İAF rəsmisi: Azərbaycanda güclü kosmik ekosistem yaradılıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycanda güclü kosmik ekosistem yaradılıb, eyni zamanda, Kosmik Agentlik fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu "İnkişaf etməkdə olan Kosmik Ölkələr üçün Çağırışlar və Potensial İnkişaf İmkanları" mövzusunda keçirilən seminarda iştirak edən Beynəlxalq Astronavtika Federasiyasının (İAF) icraçı katibi Kristian Feixtinger jurnalistlərə açıqlamasında deyib.
Kristian Feixtinger bildirib ki, bir neçə il öncəyədək "Azərkosmos" sadəcə peyk operatoru kimi fəaliyyət göstərirdi, lakin hazırda requlyator rolunu aparan Kosmik Agentlikdir: “Kosmik sahədə şirkətlər fəaliyyət göstərir, bir çox startaplar yaradılır. Bu baxımdan kosmik təhsilin önəmi olduqca yüksəkdir. Çünki biz kosmik sənayenin inkişafını istəyiriksə, gələcəyin işçi qüvvəsi indidən yetişdirilməlidir. Ona görə də 74-cü Bakı Konqresinin keçirilməsinin böyük faydaları olacaq”.
"Bu, mənim Bakıya ilk səfərim deyil. Biz 74-cü Bakı Astronavtika Konqresinə ev sahibliyi edən "Azərkosmos"la və tərəfdaşlarla son 4 ildə çox sıx əlaqələr qurmuşuq, birgə işləyirik. Bu Konqresin müvəffəqiyyətini təmin etmək əsas məqsədimizdir. Konqresdə beynəlxalq kosmik icma bir araya gəlir, tərəfdaşlıqlar və əməkdaşlıqlar qururlar. Bu Konqres ildə 1 dəfə keçirilir. 50 il öncə Azərbaycan ilk dəfə Astronavtika Konqresinə ev sahibliyi etmişdi. Bizim üçün çox böyük sevindirici haldır ki, bu il Bakı artıq ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək və bu tədbir regionda yenidən keçiriləcək”, - deyə İAF rəsmisi bildirib.
Beynəlxalq Astronavtika Federasiyasının icraçı katibi deyib: “Son illər Azərbaycan çox sürətlə kosmik tədqiqatlar, kosmik texnologiya sahəsində inkişaf edir. Hesab edirəm ki, Azərbaycan bu Konqresdə bütün aparıcı kosmik agentliklərin, özəl şirkətlərin iştirakından yararlanaraq kosmik sahədə inkişafı daha da dayanıqlı şəkildə həyata keçirəcək. Bu Konqresin proqramı olduqca zəngindir. Hər bir iştirakçı üçün maraqlı məqamlar olacaq. Xüsusilə qeyd etmək istərdim ki, çalışırıq gənc nəsli bu sahəyə cəlb edək. Belə ki, iştirakçıların yarısından çoxu gənclər olacaq”.