İbrahim İlyaslı: Dilimizin saflığını əcnəbi dillərin təsirindən qorumalıyıq
Bakı, 27 noyabr, Günel Alıyeva, AZƏRTAC
Biz dilimizin saflığını qorumalıyıq ki, qloballaşma dövründə onu kənar təsirlərdən, əcnəbi dillərin basqısından mümkün qədər uzaq tutaq və gələcək nəslə saf, təmiz bir Azərbaycan dili ötürə bilək. Bu mənada, ana dilimizin bütövlüyünü tamamlayan dialekt və şivə zənginliyini də unutmamalıyıq. Sovet dövründə lüğət tərkibindən çıxarılmış, əslində qədim türkcəmizdən olan bir çox sözlərin yenidən lüğətimizə, orfoqrafiya kitabımıza qaytarılması vacibdir. Türk dünyasının yenidən vahid bir dil ailəsi kimi gündəmə gəldiyi bir zamanda bu bizim üçün ən önəmli məsələlərdən biri olmalıdır. Əlifbamızda mövcud olan hərflər və səslər məsələsi də yenidən elmi dairələrdə müzakirəyə çıxarılmalı, bu dilin əsl sahibləri olan dilçi alimlərimizin rəyləri öyrənilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı bildirib.
Onun sözlərinə görə, dilin nəsildən-nəslə ötürülməsi əslində elektrik xəttinə bənzəyir: “Elektrik enerjisi naqil vasitəsilə ötürdüyü kimi, dili də yeni nəsillərə yaşlılar tərəfimizdən ötürülür. Naqil qırılan yerdə enerji yox olduğu kimi, dil qırılan yerdə də millət yox olur. Latın dilinin taleyi bunun acı bir örnəyidir. Saf dil varsa – saf da millət var”.
Şair bildirib ki, ana dilinin dövlət quruculuğunda və dövlətçiliyin yaşamasında nə qədər mühüm rol oynadığını uzun illər bizdən gizli saxlanılmış, müstəqillik dövründə yenidən öyrənməyə başladığımız ən yeni tariximiz sübut edib: “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi barədə Prezidentin imzaladığı Sərəncam isə bütövlükdə türk dilləri ailəsinin beynəlxalq miqyasda yenidən və daha güclü şəkildə mövqələrini möhkəmləndirəcəyinə böyük ümidlər verir”.
Yazıçı vurğulayıb ki, ədəbiyyat hər şeydən öncə ana dili hadisəsidir. Hər bir yazı adamı ilk növbədə ana dilinin bütün incəliklərinə bələd olmalıdır. Onun sözlərinə görə, bəzən həm sosial platformalarda, həm də yazılı mətbuatda dilə məsuliyyətsiz yanaşmanın hansı faciəli nəticələrə gətirib çıxaracağının fərqində olmayanlar da az deyil.
“Burada məsuliyyət təkcə yazı adamlarının üzərinə düşmür. Aidiyyəti olan bütün qurumlar bundan nəticə çıxarmalıdır. Rəsmi yazışmalardan tutmuş, reklam lövhələrinə qədər bütün mətnlər ciddi şəkildə yoxlanılmalı, dil normalarına uyğunlaşdırılmalıdır. Televiziya və radio verilişləri hazırlanarkən bu işə ana dilini mükəmməl bilən, orfoqrafiya və orfoepiya qaydalarına dərindən bələd olan mütəxəssislər cəlb edilməlidir”, - deyə şair bildirib.
Onun fikrincə, dil - varlıq məsələsidir: “Dil - var olmaq hadisəsidir. Dil yoxdursa, sən də yoxsan”.