SİYASƏT
İbrahim Kalın: Türkiyə tarixi həqiqətlərin saxtalaşdırılmasına və yeni düşmənçiliklərin yaradılmasına əsla icazə verməyəcək
Ankara, 24 aprel, AZƏRTAC
Erməni lobbiçilərinin və Türkiyəyə qarşı olan siyasi dairələrin tarixi reallıqları saxtalaşdıraraq yeni iddialar və düşmənçilik toxumu əkmək niyyətləri var. Türkiyə dövləti və xalqı bu yalan və iftira kampaniyası ilə barışmayacaq.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, bu fikirlər Türkiyə Prezidentinin müşaviri İbrahim Kalının saxta “erməni soyqırımı” mövzusu ilə bağlı yazılı açıqlamasında əksini tapıb.
Birinci Dünya müharibəsinin dağıdıcı mühiti çərçivəsində qəbul edilən 1915-ci il 24 aprel tarixli texniki xarakterli qərarın ermənilərə qarşı siyasət olmadığını təkzibolunmaz faktlarla diqqətə çatdıran müşavir deyib ki, tarixi reallıqları qəbul etmədən, siyasi məqsəd iddiaları arxasınca qaçanlar Prezident Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini araşdırmaq üçün ortaq tədqiqat komissiyasının yaradılması təklifini qəbul etmədilər. Təəssüflə ifadə olunur ki, 2009-cu ildə imzalanan və həyata keçməyən məlum protokollar Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi və iqtisadi münasibətlərin nizamlanması, Cənubi Qafqazda sülh və sabitliyin yaranması üçün atılan tarixi bir addım olsa da, Ermənistan tərəfindən qəbul olunmayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı 2014-cü il 23 aprel tarixli açıqlamasını Osmanlı və Anadolu insanları üçün ortaq acıları sağaltmaq üçün atılmış növbəti addım olduğunu, lakin istismarçı qüvvələr tərəfindən ona lazımi dəyər verilmədiyini ifadə edən İbrahim Kalın bildirib ki, Birinci Dünya müharibəsinin tələfatları ortaq itkidir. Kiçik siyasi məqsədlər üçün Türkiyə qarşı düşmənçilik edənlər tarixi həqiqətləri inkar edə bilməzlər.
ASALA terror təşkilatı tərəfindən 1973-1984-cü illərdə qətlə yetirilən türk diplomatlarının heç vaxt unudulmayacağını hər kəsin bilməsinin vacib olduğunu ifadə edən müşavir şəhid diplomatlara Allahdan rəhmət diləyib. O, açıqlamasının sonunda ifadə edib ki, soyqırımı yalanı və iddiaları ilə Türkiyəyə zərər verə biləcəklərini düşünənlər səhv edirlər. Türkiyə Respublikası tarixi həqiqətlərin saxtalaşdırılmasına və yeni düşmənçiliklərin yaradılmasına əsla icazə verməyəcək. Etmədiyi bir günaha görə türk millətini ittiham etməyə çalışan və bu istiqamətdə bəzi qərarlar qəbul edən ölkələr əvvəlcə özlərinin qaranlıq tarixlərinə baxmalıdırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara