İçərişəhərdə keçirilən Zeytun Festivalı yerli və xarici qonaqların böyük marağına səbəb olub
Bakı, 1 noyabr, AZƏRTAC
Oktyabrın 31-dən noyabrın 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən Zeytun Festivalı ziyarətçilərə unudulmaz təəssüratlar bəxş edir.
AZƏRTAC xəbər verir ki, festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin, yerli istehsal məhsullarının və milli kulinariya irsinin təbliğidir.
Festivalda iştirak edən Cənubi Azərbaycan əsilli, fransız fotoqraf Rza Deqati Azərbaycanın zeytunçuluq potensialını yüksək qiymətləndirib: “Zeytun yağı dünyanın ən keyfiyyətli və faydalı yağlarından biridir. O, Aralıq dənizi regionunda geniş tanınır. Ancaq çox az adam bilir ki, Azərbaycanda da yüksək keyfiyyətli zeytun yağı istehsal olunur. Belə bir festivalın keçirilməsi bu məhsulun tanıdılmasına böyük töhfə verir. İçərişəhər kimi tarixi bir məkanda bu tədbirin təşkili isə Bakının mədəni ruhuna xüsusi gözəllik qatır”.
Festivalda yerli istehsalçılar da fəal iştirak edirlər. “Ziraolives” şirkətinin meneceri İlkin Əliyev bildirib ki, şirkət artıq 9 ildir fəaliyyət göstərir və təbii, qatqısız zeytun məhsullarının istehsalı ilə məşğuldur: “Bizim məhsullarımız – zeytun yağları, turşular, mürəbbələr, əzmələr və sabunlar tamamilə kimyəvi qatqılardan uzaq, təbii şəkildə hazırlanır. Xüsusilə yeni məhsulumuz olan zeytun sabunları tərkibindəki təmiz zeytun yağı ilə həm dəriyə, həm də sağlamlığa faydalıdır. Məhsullarımız fabrik qiymətləri ilə satışdadır və geniş çeşiddə təqdim olunur”.
Festival iştirakçılarından “Miad” şirkətinin marketinq meneceri Fidan Əliyeva isə zeytunun insan sağlamlığı üçün əvəzsiz nemət olduğunu vurğulayıb: “Zeytun həm daxili orqanizm, həm də gözəllik baxımından çox faydalıdır. Onun tərkibində kalsium, maqnezium, kalium kimi minerallar və A, B, E vitaminləri var. Bu məhsul həm dəri, həm saç, həm də mədə sağlamlığı üçün olduqca xeyirlidir”.
Zeytun Festivalı boyunca qonaqlar üçün müxtəlif ustad dərsləri, sərgilər, musiqili çıxışlar və zeytun yağı ilə hazırlanan xüsusi menyular təqdim olunur. Tədbir həm yerli sakinlər, həm də Bakıya səfər edən turistlər üçün əsl dad və mədəniyyət bayramına çevrilib.