MƏDƏNİYYƏT
İçərişəhərdəki küçəyə Vətən müharibəsi şəhidinin adı verilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də İçərişəhərdə Vətən müharibəsi şəhidi Fərid Əliyevin adını daşıyan küçədə mərasim təşkil olunub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edənlər Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş içərişəhərli qəhrəmanın şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Daha sonra küçənin ətrafında mövcud olan abidələr barədə tədbir iştirakçılarına məlumat verilib, Fərid Əliyevin yaşadığı evin qarşısına gül dəstələri düzülüb.
Bildirilib ki, şəhid Əliyev Fərid Pirəli oğlu 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olub. 2010-cu ildə 132 nömrəli tam orta məktəbi bitirib. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələri Sıralarında xidmət edib. 27 sentyabr tarixində başlanan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanıb. 2020-ci il noyabrın 5-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid Fərid Əliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı, "Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.