İçməli su və kanalizasiya xətlərinin çəkilişi davam edir
Sədərək, 7 dekabr, AZƏRTAC
“Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Sədərək rayonunda içməli su və kanalizasiya sistemlərinin yenilənməsi layihəsinin icrası davam etdirilir. Layihə rayonda aparılan yenidənqurma, abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hazırda Heydərabad qəsəbəsində xətlərin evlərə birləşdirilməsi işləri davam etdirilir. Qəsəbədə bir neçə mənzildə işlər tamamlanıb. Layihə çərçivəsində bütün işlər başa çatdıqdan sonra rayonda əhalinin su təchizatına və kanalizasiya sisteminə olan tələbatı tam ödəniləcək. Sakinlər görülən abadlıq-quruculuq işlərini, həmçinin içməli su və kanalizasiya xətlərinin çəkilişini dövlətimizin sərhəd bölgəsi Sədərəyə olan qayğısının təzahürü kimi qiymətləndirirlər.
Qeyd edək ki, rayonda tikilən yaşayış evləri, salınan parklar, xiyabanlar, küçələr, əkilən ağaclar, güllər-çiçəklər göz oxşayır. Yaradılan müəssisələr rayonun iqtisadi potensialını artırmaqla bərabər, yerli əhalinin məşğulluğunun yüksəldilməsinə xeyli təsir göstərib. Müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, o cümlədən kənd və xidmət mərkəzləri, uşaq bağçaları inşa edilib. Yeni texnologiya əsasında təbii qazın çəkilməsi muxtar respublikanın rayonları sırasında ilk dəfə olaraq Sədərəkdə başa çatdırılıb.